Arzuxan Əlizadə: “Təəssüflər olsun ki, Bakı şəhərində bələdiyyələrə aid olan torpaq sahələrinin xəritələri hələ də hazır deyil”
Azərbaycanda 27 ildir ki, bələdiyyələr yaradılıb. Lakin ötən dövr ərzində bir sıra bələdiyyələrin torpaq sahələrini müəyyən edən xəritələr yerli bələdiyyələrə təqdim edilməyib. Bu da ciddi problemlər yaradır.
Bu
problemlərdən biri və ən vacibi bələdiyyə torpaqlarında ev tikən vətəndaşların
çıxarış ala bilməməsidir. Maraqlıdır ki, Bakı şəhərindəki bələdiyyələrin xəritəsi
bu günə qədər hazırlanmayıb. Bu xəritə olmadığı üçün bələdiyyə sərəncamı ilə
torpağı olan vətəndaşlar ciddi problemlə üz-üzə qalıb.
Məsələnin
bu qədər uzanması isə təəccüb və təəssüf doğurur.
Mövzu
ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Regional məsələlər komitəsinin
üzvü Arzuxan Əlizadə deyib ki, bələdiyyələrə aid torpaqların xəritələrinin
verilməsinə dair məsələ uzun illərdir gündəmdədir:
“Bu hər birimizi narahat edən məsələdir. Azərbaycan
Konstitusiyasına görə 3 mülkiyyət növü var: dövlət, özəl və bələdiyyə. Təəssüflər
olsun ki, xüsusən Bakı şəhərində bələdiyyələrə aid olan torpaq sahələrinin xəritələri
hazır deyil.
Bir
müddət əvvəl bu prosesə başlanıldı. Çox təəssüf olsun ki, hansısa səbəbdən bələdiyyə
torpaqlarının xəritəsi və bələdiyyə sərhədlərinin dəqiqləşdirilməsi
yekunlaşdırılmayıb. Bu da ciddi narahatlıq doğurur və bələdiyyələrin fəaliyyətinə
köklü problemlər yaradır. Bütün hallarda bu prosesin ləngiməsi sosial-iqtisad
problemdir. Ümid edirik ki, bu il nəhayət ki, bu proses yekunlaşacaq”.
Müsahibimiz
onu da qeyd edib ki, bələdiyyələrin birləşməsi prosesi reallaşdırılıb:
“Əgər
əvvəllər 1600-dən artıq bələdiyyə fəaliyyət göstərirdisə, hazırda onların
sayı 685-ə qədər azalıb. Bu da imkan
verir ki, bələdiyyə torpaqlarının xəritəsinin çıxarılması daha asan olsun.
Bütün hallarda bələdiyyə xəritələrinin və bələdiyyə torpaqlarının dəqiqləşdirilməsi
olduqca vacibdir.
Surxay Atakişiyev, Bizim.Media
https://bizim.media/az/cemiyyet/599238/belediyye-torpaqlarinda-evi-olanlarin-nzrn-ndash-bu-il-erzinde/
Rəylər
0 Rəy